Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti on günlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı olmuşdur. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” mahnısı “Dünyanın ən yaxşı uşaq səsləri” toplusuna daxil edilib. 12 yaşında istedadlı qız “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. 8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın “Yollar və kücələr” qısa metrajlı filmində baş rolda çəkilmişdir. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan “Ulduz” filmində Yetər roluna dəvət olunub. 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdır. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirmiş və bir çox filmlərdə yadda qalan obrazlar yaratmışdır.
Ətraflı oxuAzərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, “Ümumdünya Floristlər Şurası”nın üzvü, Əməkdar artist Suğra Bağırzadənin "Gülün Gücü" adlı fərdi sərgisi fəaliyyətə başlayıb.
Ətraflı oxuRəsmlərim, insan tərəfindən yaradılmış sənət, elm və təbiətin sintezidir. İnsanlar həmişə təbiət qüvvələrini, insanın qeyriadi qabiliyyətlərini ilahiləşdirməyə meyl etmişlər və bu gün elm və sənət dediyimiz birləşmə, bu sintezin ən yüksək təcəssümü kimi min illər boyu sehr adlanır. İncəsənətdəki həyatım, erkən uşaqlıqdan səhnədə, kinoda, yüksək molekullu birləşmələr üzrə kimya mühəndisi peşəsi, təbiətə çılğın sevgi, rəsmlərimin doğulmasına və floristik sənayedə yeni bir istiqamətin yaranmasına səbəb oldu.
Əminəm ki, dünyadakı bütün canlılar kimi çiçəklərin də əbədi ruhu var. Canlı materialla işləyərkən onun öz təbiətini pozmamaq və mahiyyətini mümkün qədər sərfəli şəkildə təqdim etmək mənim üçün vacibdir. Sərgilərimdə güllərin öz fərdiliyini, ruhunu və enerjisini necə üzə çıxardığını, tamaşaçılarda təbiətə hörmət və ülvi hisslər yaratdığını görməkdən məmnunam. Çox az insan ömrünü əbədiyyətə iz qoyacaq şəkildə yaşaya bilir. Hər birinin özünəməxsus xarakteri olan çiçəklərimə əbədi həyat verirəm ,onlar isə ,adımın əbədiyyətdə qalmasının qayğısını çəkirlər.
Çiçəklər insanı, həyatının əvvəlindən sonuna qədər müşayiət edir. Bu, Allahın bəşəriyyətə təmənnasız olaraq verdiyi ən gözəl hədiyyədir. Kövrək, zərif canlılar böyük həyati enerjiyə malikdirlər. Çiçəklərin işığa olan sevgisi və yaşamaq həvəsi ,onlara qayaları belə yarmağa kömək edir. Mənim rəsmlərimlə işıq, sevgi və təbiətin ecazkar gücü sizin evlərinizin sakini olacaq.
Rəsm yaratmaq üçün material təbiətdən götürülür, buna görə də kopyalanma, hətta müəllif kopyalanması mümkün deyil. Orijinal müəllif texnologiyası, yaradılma müddəti və mürəkkəbliyi bu rəsmləri müstəsna və bənzərsiz edir.
Ölçüsündən asılı olmayaraq rəsmlərimin ərsəyə gəlməsi beş ilə qədər vaxt aparır. Bu müddət ərzində çiçəklər və meyvələr bioloji tərkibinlərini saxlayaraq incə keramika halına keçirlər. Canlı çiçəklər emal zamanı gözlənilməz formalar ala bilərlər, amma mənim sevgimi duyaraq,əsərə uyğun şəkildə emala təslim olurlar.Bu zaman sanki təbiət özü mənimlə birlikdə yaradır.