“1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində Azərbaycan ongünlüyü çərçivəsində ilk dəfə “Cücələrim” mahnısını ifa etməyim həyatımda böyük dönüş yaratdı. Məktəbi bitirəndə kinostudiyada yüzdən artıq film səsləndirmiş, eyni zamanda iki filmdə çəkilmişdim” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinoaktrisa, rəssam, Əməkdar artist Suğra Bağırzadənin ad günüdür.
Suğra Bağırzadə 10 fevral 1947-ci ildə anadan olub. Neft-Kimya İnstitutunun (indiki ADNSU) kimya texnologiyası fakültəsində təhsil alıb, ixtisasca mühəndisdir. Təhsil illərindən sonra bir müddət Elmi-Tədqiqat İnstitutunda çalışıb. Sonralar fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında texniki şöbənin böyük mühəndisi kimi davam edib. Uşaqlıq illərindən həyatını incəsənətə bağlayıb, filmlərdə çəkilib. Güllərlə işləmək həvəsi kimi başlanan xobbisi zaman keçdikcə daha da inkişaf edib. Beləliklə də təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. “Floristika” İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.
“Yollar və küçələr”(1963), “Ulduz”(1964), “Alma almaya bənzər”(1975), “Şir evdən getdi”(1977), “Tələ”(1990), “Yuxu”(2001), “Güllələnmə təxirə salınır”(2002) və s. filmlərdə müxtəlif xarakterli rollar oynayıb.
S.Bağırzadə deyir ki, məktəbi bitirəndə artıq iki filmdə çəkilmişdi: “Zeynəb Kazımovanın “Yollar və küçələr”, digəri isə hamının sevimlisi “Ulduz” filmi. 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində “Cücələrim” mahnısını oxuyanda operator Yuliy Fogelman bu səhnəni bir arxiv materialı kimi çəkmişdi və o vaxtdan onun yadında qalmışdım”.
1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev “Ulduz” filmini çəkir.
İki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən bəhs edən kinokomediyanın operator işinə Yuliy Fogelman dəvət olunur.
Y.Fogelman yaradıcı heyətlə tanış olduğu zaman filmin rejissoru Ağarza Quliyevdən S.Bağırzadəni tapmağı xahiş edib. Həmin ərəfədə aktrisa artıq kinostudiyada dublyajda bir çox filmlərin səslənməsində korifey sənətkarlarla birlikdə çalışırdı.
Suğra xanım deyir ki, onu kinostudiyada çəkiliş qruppasına dəvət edərək Yetər obrazını həvalə ediblər: “Filmin rejissoru 15 yaşım olduğunu bildiyindən məni bu filmə çəkmək istəmirdi. Ancaq Yuliy Fogelman bir operator kimi məni bu filmə çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda demişdi ki, çəkilişə gələrkən hündür daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən. Elə də etdim və məni bu rola təsdiq etdilər”.
1975-ci ildə Alla Axundovanın ssenarisi əsasında rejissor Arif Babayev “Alma almaya bənzər” filminə quruluş verir. Ekran əsəri insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.
Aktrisa filmdə telefonçu qız roluna dəvət alsa da, öncə imtina edir: “Eşitdim ki, filmin əsas çəkilişləri Qubada olacaq, çəkilməkdən imtina etdim. Çünki qızım çox balaca idi, həm də kinostudiyada mühəndis işimlə əlaqədar Bakıdan kənara çıxa bilmirdim”.
Xatırladaq ki, S.Bağırzadə 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında mühəndis olaraq çalışır. Öncə aşkarlama sexində növbə rəisi, daha sonra isə plyonka şöbəsinin müdiri olub: “Çox məsuliyyəti iş idi. Çəkilsəydim, burdakı işimi kim görəcəkdi? Ona görə mən filmin yaradıcı heyətinə çəkilə bilməyəcəyimi dedim. Heç gözləmədiyim halda bir gün gəldilər ki, hazırlaş, səni filmə çəkirik. Quba səhnəsini kinostudiyanın pavilyonunda qurmuşdular. Özü də məndən xəbərsiz…”
Aktrisa onu da qeyd edir ki, kino kollektiv sənətdir, gərək rejissor səni seçsin, bəyənsin, rola uyğun bilsin: “Əvvəllər mühəndis kimi işimə çox vaxt ayırırdım, buna görə də çəkilişlərə gedə bilmirdim. O vaxt da əksər filmlər rayonlarda, özü də “plyonka”ya çəkilirdi. Mən aylarla rayonlarda gedib qala bilmirdim. Fikir vermisinizsə, çəkildiyim “Ulduz” filmindən başqa bütün filmlər Bakıda lentə alınıb”.
Uşaqlıq illərindən bu günə kimi çalışan, iş həyatında məsuliyyətə böyük önəm verən Suğra Bağırzadə 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə, 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
“Gənc aktyor və rejissorlarımız arasında istedadlılar çoxdur. Kino sahəsi bütün dünyada çox inkişaf edib. Yaxşı olardı ki, gənc aktyorlarımız xarici ölkələrdə təhsil alsınlar, ustad dərsləri götürsünlər və ya kino kurslarına getsinlər. Yaxşı tələbənin mütləq yaxşı müəllimi olmalıdır” deyir Suqra Bağırzadə və onu da əlavə edir ki, ola bilməz ki, yenidən əvvəlki kimi baxmaqdan doymadığımız filmlər çəkilməsin. Heç nə göydən düşmür, nə isə qazanmaq üçün əziyyət çəkməlisən.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Suğra Bağırzadəni yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Paylaş: